Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 mart 2026-cı il tarixli, 3(5-97)-1158/2026 nömrəli qərarı ilə Fidan Loğman qızı Abbasova Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib.
1xeber.media xəbər verir ki,məhkəmənin qərarı ilə Fidan Abbasovaya 300 manat məbləğində inzibati cərimə tətbiq edilib və onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması qərara alınıb.
Məhkəmə Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 05 mart 2026-cı il tarixli rəyinə əsaslanıb. Həmin rəyə görə, Fidan Abbasovadan götürülmüş sidik nümunəsində THC müsbət nəticə verib və psixostimulyatorlardan istifadə halları müəyyən edilib.
Fidan Abbasova bu qərardan apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin 02 aprel 2026-cı il tarixli, 3(3-6)-885/2026 nömrəli qərarı ilə şikayət təmin edilməyib. Apellyasiya məhkəməsi inzibati xətanın törədilməsinin tam sübuta yetirildiyi qənaətinə gəlib və birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlayıb.
Bakı Apellyasiya Məhkəməsinin qərarı qətidir və ondan şikayət verilə bilməz.