Вернуться назад Распечатать

Nümayəndə heyətimiz torpaq bankçılığı üzrə beynəlxalq müzakirələrdə iştirak edir

Macarıstanın paytaxtı Budapeşt şəhərində “17-ci Beynəlxalq LANDNET İşçi Görüşü və Ailə Təsərrüfatları üzrə İkinci Regionlararası Dialoq” keçirilir. Sentyabrın 11-dək davam edəcək tədbir BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə baş tutur.

1xeber.media xəbər verir ki, tədbirdə torpaqların konsolidasiyası və torpaq bankçılığının həyata keçirilməsi sahəsində gələcəyə baxış, ailə təsərrüfatlarının üstünlük təşkil etdiyi rəqabətqabiliyyətli kənd təsərrüfatı sektorunun formalaşdırılması, gənclər və qadınlar da daxil olmaqla əhali üçün layiqli yaşayış şəraiti yaradan dinamik kənd ərazilərinin inkişafı, eləcə də iqlim dəyişikliyi də daxil olmaqla, kənd ərazilərinin üzləşdiyi çağırışlara hazırlığın gücləndirilməsi məsələləri müzakirə olunur.

Görüş çərçivəsində torpaqların konsolidasiyası və torpaq bankçılığı üzrə strategiyanın geniş müzakirəsi də nəzərdə tutulub. Strategiya bir-birini tamamlayan bu iki torpaq idarəetmə alətinin tətbiqi üçün daha geniş siyasət çərçivəsi müəyyən edir, onların müxtəlif problemlərin həllində tətbiq mexanizmlərini və proqram səviyyəsində həyata keçirilməsi üçün zəruri addımları əhatə edir.

Tədbir çərçivəsində torpaqların konsolidasiyası sahəsində qabaqcıl təcrübəyə malik ölkələrin nümayəndələri və ekspertlərlə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın 8.1.1.3-cü bəndinin – torpaqların konsolidasiyası mexanizminin yaradılması və pilot layihə olaraq tətbiq edilməsi – icrası ilə bağlı məsələlər də müzakirə edilir.

Bu çərçivədə Dünya Bankı ilə əməkdaşlıq əsasında Qəbələ və Salyan rayonlarında torpaqların konsolidasiyası üzrə iki pilot layihənin həyata keçirilməsi imkanlarının müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, torpaqların konsolidasiyası və torpaq bankçılığı alətlərinin tətbiqində əsas məqsəd kənd təsərrüfatı torpaqlarının həddindən artıq parçalanmasının qarşısının alınması, təsərrüfatların orta ölçüsünün artırılması və daha səmərəli təsərrüfat strukturlarının formalaşdırılmasıdır.

Bu alətlər, həmçinin kənd ərazilərinin inkişafı və iqlim dəyişikliyinin yaratdığı çağırışlara cavab verilməsi məqsədilə kənd təsərrüfatı təyinatlı torpaqların səmərəli idarə olunmasına, o cümlədən onların yeni məqsədlər üçün istifadəsinin təşkilinə imkan yaradır.

Torpaqların konsolidasiyası və torpaq bankçılığı dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların aktiv idarə edilməsi və icarələrin təşkili kimi digər torpaq idarəetmə alətləri ilə kompleks şəkildə tətbiq oluna bilər.