Bakıda ekspres avtobusların fəaliyyət istiqamətlərinin genişləndirilməsi məsələsi gündəmə gələ bilər.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Sfera.az-a açıqlamasında bildirib ki, sərnişin tələbatının olduğu və marşrutun rentabelli hesab edildiyi ərazilərdə gələcəkdə ekspres avtobusların sayının artırılması mümkündür.
Ekspert qeyd edib ki, hazırda bəzi istiqamətlərdə ekspres avtobuslar fəaliyyət göstərir: "Metronun təmiri ilə əlaqədar M1-dən M7-yə qədər ekspres avtobuslar marşruta buraxılıb:
“Bununla yanaşı, bu tip avtobuslar metro təmiri başlamazdan əvvəl də müəyyən istiqamətlər üzrə fəaliyyət göstərib. Hazırda hava limanına da ekspres avtobus xidmət göstərir”.
E.Cəfərovun sözlərinə görə, bütün avtobus marşrutlarının ekspres formatına keçirilməsi mümkün deyil:
"Çünki adi marşrut avtobusları dayanacaqlarda dayanaraq sərnişinlərin minib-düşməsini təmin etməlidir. ekspres avtobusların əsas üstünlüyü isə daha az dayanacaqda dayanaraq sərnişinləri mənzil başına daha qısa müddətdə çatdırmasıdır".
O deyib ki, gələcəkdə şəhərətrafı ərazilərə və daha uzaq məsafələrə ekspres avtobusların buraxılması üçün tələbat və iqtisadi səmərəlilik əsas amillərdən olacaq:
“Əgər ehtiyac varsa və bu rentabel olacaqsa, təbii ki, gələcəkdə də şəhərətrafı ərazilərə, uzaq məsafələrə ekspres avtobusların artırılması ola bilər”.
Ekspert əlavə edib ki, belə marşrutların yaradılması yalnız sərnişin tələbatından deyil, həm də tənzimləyici qurumun siyasətindən və daşıyıcı şirkətlərin marağından asılı olacaq:
"Daşıyıcı şirkətlərin yeni ekspres marşrutların fəaliyyət göstərməsində maraqlı olub-olmaması da bu prosesdə nəzərə alınacaq".