1xeber.media xəbər verir ki, Ermənistan parlamentinin deputatı Aqnessa Xamoyan ölkənin yaxın 20 il ərzində Avropa İttifaqına (Aİ) üzv ola bilməyəcəyini bildirib.
Xamoyan Ermənistanın Baş naziri Nikol Paşinyanın Aİ ilə bağlı açıqlamalarını tənqid edib. Onun sözlərinə görə, Ermənistanın yaxın onilliklərdə Aİ-yə üzv olması real görünmür.
Deputat bu fikrini Avropa Komissiyasının nümayəndəsi Paula Pinyonun açıqlamaları ilə əsaslandırıb. Pinyon Ermənistan üçün 2029-cu ildə vizasız rejimin tətbiq ediləcəyini təsdiqləməyib və belə bir tarix barədə danışmaq üçün hələ tez olduğunu bildirib.
Xamoyan həmçinin viza rejiminin liberallaşdırılması ilə Aİ-yə üzvlüyün eyni proses olmadığını vurğulayıb və bu iki məsələnin bir-birindən fərqləndirilməli olduğunu deyib.