1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında münaqişənin həlli istiqamətində irəliləyiş olduğunu bildirib.
Tramp bu barədə ABŞ-ın Ayova ştatında seçicilər qarşısında çıxışı zamanı danışıb.
“Düşünürəm ki, daha iki münaqişənin başa çatmasına yaxınlaşmışıq. Rusiya ilə Ukrayna arasındakı münaqişə də bu istiqamətdə irəliləyir”, – deyə ABŞ prezidenti bildirib. O, çıxışında İranla bağlı münaqişəyə də toxunub.
Trampın açıqlaması Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı diplomatik təmasların yenidən gündəmə gəldiyi bir vaxta təsadüf edir.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin həlli üçün üçtərəfli danışıqların bərpası ilə bağlı açıqlama verib. O bildirib ki, Moskva üçtərəfli təmaslara yalnız hərbi əməliyyatların müvəqqəti dayandırılması deyil, yekun sülh sazişinə nail olmaq məqsədilə hazırdır.
Putin, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin ərazilərlə bağlı güzəştlərə hazır olması barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.
Bununla belə, Trampın son açıqlaması münaqişənin nə vaxt və hansı şərtlərlə başa çatacağına dair konkret razılaşmanın əldə olunduğu anlamına gəlmir.