Altı il bundan əvvəl sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən
Müharibəsi müasir Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. Xalqımız 30 ilə
yaxın idi ki, bu günləri gözləyirdi! Azərbaycan güclü iqtisadiyyat, güclü ordu quraraq, sosial-
siyasi islahatlar apararaq, beynəlxalq hüquqi baza yaradaraq öz haqlı mübarizəsinə
hazırlaşırdı. Ermənistanın işğalçılıq siyasətinin, etnik təmizləmə siyasətinin, bizim tarixi
torpaqlarımızda törətdikləri humanitar, ekoloji cinayətlərin qarşısının alınmasının, eyni
zamanda, ərazi bütövlüyümüzün və suveren hüquqlarımızın bərpa edilməsinin bir yolu var idi.
Hərbi-siyasi yol! Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan bütün dünyaya
sübut etdi ki, separatizmi, erməni təcavüzkarlığını məhv etmək üçün bundan doğru üsul
yoxdur. Azərbaycanı bu işğalı qəbul etməyə çağıran dövlətlər deyirdilər ki, reallığı qəbul edin!
Ancaq Azərbaycan dövləti, Azərbaycan ordusu, Azərbaycan xalqı yeni bir reallıq yaratdı!
Bir – birinin ardınca gələn Qələbə xəbərləri bizi nə qədər sevindirirdisə, erməni terroru
nəticəsində dinc əhalinin, o cümlədən qadın və uşaqların həlak olması, döyüşlərdə igid
övladlarımızın şəhid olması xəbərləri bizi bir o qədər kədərləndirirdi. Lakin etnik və dini
mənsubiyyətindən, yaşından, sosial statusundan, harada yaşamasından asılı olmayaraq hər
bir azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı böyük ruh yüksəkliyi ilə Qələbəyə öz töhfəsini
vermək istəyirdi. Ermənistanda döyüşməyə əsgər tapılmırdı, fərarilərin sayı durmadan artırdı.
Azərbaycanda isə hərbi səfərbərlik xidmətləri qarşısında döyüşə getmək üçün cavanlarımız
növbəyə dururdular. Hamı bir nəfər kimi. Ölkə başçısının, Ali Baş Komadan İlham Əliyevin
ətrafında sıx birləşərək mübarizə apardı. Hər gün xoş xəbərlər aldıqca sanki, yenidən ruhlanır
və daha da həvəslənirdik.
Oktyabrın 25-də Qubadlı işğaldan azad edildi. Əlbəttə, bu xəbər hər kəsi sevindirdi.
Qubadlının işğaldan azad edilməsi təkcə bu həsrətlə yaşayanları deyil, həm də bu arzu ilə
dünyadan köçən narahat ruhları da sevindirir. Torpaqlarımız düşmən tapdağından azad olunur,
nəfəs alır, sanki biz də yenidən cavanlaşırıq, Yeni arzular, yeni planlarla yaşayırıq! Bizə bu
möhtəşəm hissləri yaşadan başda Ali Baş Komandan İlham Əliyev olmaqla, hər bir əsgərimizə,
zabitimizə təşəkkür edirik! Şəhidlərimizin qarşısında baş əyirik!
Qubadlı rayonunun təbiəti olduqca gözəl və zəngindir. Palıd, vələs, alma, armud, fındıq,
əzgil, zoğal ağaclarından ibarət meşələr, dağ çayları, şəlalələr, bulaqlar, xınalı kəkliklər,
qırqovullar, turaclar, və digər qiymətli quş və heyvan növləri ilə zəngindir. Çox təəssüflər
olsun ki, Qubadlı meşələri ermənilər tərəfındən qırılaraq Ermənistana və ya xarici ölkələrə
aparılmışdı. Qubadlılar heyvandarlıqla, tütünçülüklə və taxılçılıqla məşğul olurdular. Qubadlıda
hələ istifadə olunmamış böyük əqiq (aqat) yatağı, mərmər və digər faydalı maddi sərvətləri
var. Qubadlı qədim yaşayış məskənlərindəndir. Burada tarixi abidələr, qalalar, türbələr,
mağaralar, məscidlər var idi. Əfsuslar olsun ki, bütün bu tarixi- mədəni irsimiz erməni
vandalizminin qurbanı olublar. Ümumiyyətlə, işğal nəticəsində rayondan 29997 nəfər məcburi
köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış
məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti,
7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı
obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik
xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4
ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə
dağıdılmışdır.
44 günlük Vətən Müharibəsi zamanı 25 oktyabr tarixi əhəmiyyətli dönüş nöqtəsi oldu.
Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri
yerləşmişdir. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan
Ordusu bu tapşırığın öhdəsindən cəsurluq, igidlik, qəhrəmanlıq göstərərək gəldi. Prezident
İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan
azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25
oktyabr – Qubadlı şəhəri günü kimi müəyyən olunmuşdur.
Hazırda, Qubadlıda, bütövlükdə, erməni işğalından azad olunan Qarabağ və Şərqi
Zəngəzurda bərpa tikinti işlər aparılır. Görülən işlər, həyata keçirilən layihələr bunlar hamısı
xalqımızın iradəsini, dövlətimizin gücünü, iqtisadi potensialını bir daha nümayış etdirir. Artıq
Qubadlı öz doğma sakinlərini qarşılamaq üçün hazırdır. Bir daha Tarixi Qələbəmiz və Qubadlı
şəhər günü münasibəti ilə bütün xalqımızı təbrik edirəm. Şəhidlərimizin əziz ruhlarına
ehtiramımı bildirirəm. Onların valideynləri, ailələri qarşısında baş əyirəm. Qazilərimizə Allahdan
tezliklə şəfa verməsini arzu edirəm! Xalqımız mərd, igid, cəsur, zəhmətkeş, yaradan xalqdır!
Biz bütün çətinliklərin öhdəsindən birlikdə gəlmişik! Bundan sonra da Prezident İlham Əliyevin
ətrafında sıx birləşərək yeni uğurlar imza atacağıq!
Elçin Nəsibov,
Sabirabad rayonu "Kür-Araz" qəzetinin baş redaktoru