1xeber.media xəbər verir ki, Səudiyyə Ərəbistanının cənubunda ballistik raketlərin zərərsizləşdirilməsindən sonra onların qalıqlarının yaşayış ərazilərinə düşməsi nəticəsində iki nəfər xəsarət alıb.
Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsinin məlumatına görə, Yəməndəki husilərin (“Ənsar Allah” hərəkatı) buraxdığı iki ballistik raket ələ keçirilərək məhv edilib. Lakin raketlərin qalıqları Xamis-Muşait və Əhəd-Rufeydə ərazilərinə düşüb.
Hadisə nəticəsində biri Səudiyyə Ərəbistanı vətəndaşı, digəri isə Asiya ölkələrindən birinin vətəndaşı olmaqla iki nəfər xəsarət alıb. Bundan başqa, üç yaşayış binasına və yeddi avtomobilə ziyan dəyib.
Qeyd edək ki, oktyabrın 25-də Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilər tərəfindən ölkə istiqamətində buraxılan raketlərin və pilotsuz uçuş aparatlarının zərərsizləşdirildiyini açıqlamışdı.