Tanınmış vəkil Aslan İsmayılov Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinskinin həbsinə münasibət bildirərək öz Facebook səhifəsində paylaşım edib.
1xeber.media paylaşımı təqdim edir:
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Heç kim üçün sirr deyil ki, həbs dövlətlərarası münasibətlərin gərginləşməsi fonunda birbaşa siyasi motiv daşıyır və Rusiyada yaşayan həmvətənlərimizə qarşı yönəlmiş repressiyanın tərkib hissəsidir. Rusiya dövlətinin bu cür namərd addımlarını Azərbaycan rəsmiləri cavabsız buraxmamalı, sırf diaspor sədrinin Azərbaycanlılara göstərdiyi dəstəyə görə oğlunun həbsi ilə cəzalandırma cəhdlərinə biganə qalmamalıdır.
42 il hakim, prokuror, vəkil təcrübəsi olan şəxs kimi bildirirəm ki, hamının baxdığı videodan da göründüyü kimi M.Şıxlinskinin heç bir günahı yoxdur. Birincisi, videodan da görünür ki, M.Şıxlınskinin idarə etdiyi maşına qəflətən bir neçə nəfər maskalı, hərbi geyimdə (normal vəziyyətdə ən ağır cinayət törətmiş şəxsləri belə üzü açıq polis formasında olan şəxslər saxlayır) sanki bandit dəstəsi kimi hücum çəkir və onlardan biri dərhal əlində olan çəkiclə maşının sağ qapısının şüşəsini sındırmağa başlayır. Özünü müdafiə üçün M.Şıxlinski hadisə yerindən dərhal uzaqlaşmaq istəyir və qəflətən açılan qapı həmin, Şıxlinskilərə qarşı zorakılıq edən şəxsi yerə yıxır. Həmin şəxs dərhal ayağa qalxır və vəhşicəsinə Mütvəlinin atası Ş.Şıxlinskinin zorla üzü yerə yıxılmasına köməklik göstərir. Bu faktın özü də Mütvəlinin nə baş verdiyini anlamadığını göstərir. Bundan başqa, sükan arxasında olan M.Şıxlinskidən sağ oturacaqda bədən quruluşuna görə çox böyük olan atası Ş.Şıxlinski əyləşib və maşının sağ tərəfini görmək üçün maneçilik yaradır. Əlavə olaraq onu da bildirirəm ki, həmin anda onlara qarşı vəhşilik törədilməsi zamanı keçirilən gərginlikdən və olan maneədən də Mütvəlinin kiminsə maşının sağ tərəfində olduğunu görməyini mümkünsüz edir.
Əgər həmin şəxsə hansısa xəsarət yetirilibsə bu ehtiyatsızlıqdan ola bilərdi və bu da öz növbəsində həmin şəxsin ölümünə səbəb olmayıbsa heç cür həbs qətimkan tədbiri seçilməsinə əsas ola bilməzdi. Həmin şəxsin isə nəinki ölümü, ağır, yaxud az ağır xəsarət almaması onun ayağa durandan sonra başqa iki nəfərlə birlikdə Ş.Şıxlinskiyə qarşı zorakılıq göstərməsindən görünür.
Hesab edirəm ki, bu kimi faktlar rəsmi açıqlanmalı, Şıxlinskilərə qarşı dövlət repressiyası pislənməli, Azərbaycan dövləti var gücü ilə onlara dəstək olmalıdır.