Son günlər sosial şəbəkələrdə bəzi şəxslər tərəfindən Bakının Yasamal rayonunda, “Sovetski” adlanan ərazidə arxitektur binaların sökülməsi ilə bağlı məlumatlar paylaşılır.
1xeber.media məsələ ilə əlaqədar Baki şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
Qurumun mətbuat xidmətindən bildirilib ki, bu cür paylaşımlar ictimaiyyəti çaşdırmaq və süni narazılıq yaratmaq məqsədi daşıyır.
"Məlumat üçün bildiririk ki, “Sovetski” ərazisində ümumilikdə 150-yə yaxın tarixi bina qorunub saxlanılır. Bu işlərin gedişinə nəzarət etmək üçün bir neçə dövlət qurumunun nümayəndələrinin iştirakı ilə xüsusi Komissiya da yaradılıb.
Qəzalı binaların söküntüsü başa çatdıqdan sonra isə ərazidə yerləşən arxitektur tikililərin bərpası, restavrasiyası və özüllərin bərkidilməsi işlərinin görülməsi planlaşdırılır.
Bir daha qeyd edirik ki, söküntü yalnız təhlükəli və yararsız vəziyyətdə olan binalara şamil olunur. Ərazidə yaşayan sakinlərə isə bazar dəyərinə uyğun kompensasiya ödənilir.
“Sovetski”də aparılan bütün proseslər qanun çərçivəsində və xüsusi Komissiyanın nəzarəti altında həyata keçirilir", - rəsmi açıqlamada qeyd olunub.

















