Azərbaycan xaqının böyük coşqu və təntənə ilə qeyd etdiyi 2021-ci ilin 15 İyun – Milli
Qurtuluş günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qədim Azərbaycan şəhəri, mədəniyyət
beşiyimiz olan Şuşada, sözün əsl mənasında gələcəyimizin, birliyimizin tarixini yazdılar.
Müstəsna siyasi və tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsində, Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin
qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim
kədərimizdir” kəlamlarının qeyd olunması Azərbaycan-Türkiyə münasibətlərinin keyfiyyətcə
yeni bir mərhələyə qədəm qoyduğunun sübutudur.
Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad
olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi
dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və
təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də
region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin
edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının
zəruriliyini göstərən ən gözəl nümunədir. Eyni zamanda, Qarabağda Türkiyə-Rusiya Birgə
Mərkəzinin fəaliyyəti regionda sülhün bərqərar olunmasının təsirli mexanizmi kimi diqqət çəkir.
Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində
əlaqələndirilmiş və birgə fəaliyyətlərin həyata keçirilməsi xüsusi yer tutur. Tərəflərdən hər
hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış
sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər
tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid
və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və
prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-
birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının
əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.
Bəyannamədə həmçinin Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən
formalaşdırılması istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi
təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı
qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah
və sursatların idarə olunmasında sıx əməkdaşlığı vurğulanır.
Şuşa Bəyannaməsində ticarət-iqtisadi münasibətlərədə toxunulmuşdur. Belə ki,
sənəddə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların
sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin
görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf
etdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, Azərbaycan və
Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya
əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər
də yer alır.
Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, müttəfiqlik münasibətləri haqqında Şuşa
Bəyannaməsinin imzalanması sadəcə Azərbaycan-Türkiyə münasibətləri baxımından deyil
bölgənin və Türk dünyasının gələcəyi baxımından tarixi bir hadisə olmuşdur.
Hafiz Məmmədov,
MMRT-nın Sabirabad rayon təhsil sektoru üzrə aparıcı məsləhətçi

















