Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti – intensiv yağışlar, güclü küləklər, temperatur dəyişiklikləri və bəzi bölgələrdə yağan dolu kənd təsərrüfatı sektoruna təsirsiz ötüşmür. Əlverişsiz hava şəraiti məhsuldarlığın azalmasına, məhsulun bazara çıxarılmasında gecikmələrə və nəticədə bəzi kənd təsərrüfatı məhsullarının qiymətlərində artıma səbəb ola bilər. Xüsusilə meyvə-tərəvəz, göyərti və taxıl sahələrində hava amilinin təsiri daha qabarıq hiss olunur.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli 1xeber.media-ya açıqlamasında bildirib ki, havaların soyuq, küləkli və yağmurlu keçməsi kənd təsərrüfatında məhsuldarlığa mənfi təsir göstərən əsas amillərdən biridir.
O qeyd edib ki, əlverişsiz hava şəraiti məhsul istehsalının həcminin azalmasına səbəb olur:
“Temperaturun normadan aşağı olması, yağıntıların çoxluğu və hava şəraitinin qeyri-sabit keçməsi xüsusilə meyvə-tərəvəz məhsullarının yetişmə prosesinə mənfi təsir edir. Nəticədə bazara çıxarılan məhsulun həcmi azalır. Bazarda məhsulun azalması isə təbii olaraq qiymət artımına gətirib çıxarır. Bu il də meyvə-tərəvəz məhsullarının qiymətlərinin ötən illə müqayisədə xeyli yüksək olması diqqət çəkir. Mövcud bahalaşmanın əsas səbəblərindən biri məhz hava şəraitinin qeyri-sabit keçməsidir. Məhsuldarlığın azalması bazarda təklifin daralmasına, bu isə qiymətlərin yüksəlməsinə səbəb olur”.
Ekspert bildirib ki, qiymət artımına təsir edən digər mühüm amillərdən biri də ixracın artmasıdır:
“İxracın artması o deməkdir ki, yerli istehsalın müəyyən hissəsi xarici bazarlara yönəlir və nəticədə daxili bazara əvvəlki dövrlərlə müqayisədə daha az məhsul daxil olur. Daxili bazarda məhsul bolluğunun azalması qiymətlərin formalaşmasına birbaşa təsir göstərən əsas amillərdən biridir. Buna görə də hazırkı qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada həm əlverişsiz hava şəraiti, həm məhsuldarlığın azalması, həm də ixrac həcminin artması paralel şəkildə bazara təsir göstərir. Bütün bu amillər bir araya gəldikdə meyvə-tərəvəz məhsullarında qiymət artımı qaçılmaz olur”.















