İyulun 8-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Viravul kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak edib.
1xeber.media xəbər verir ki,ötən səyyar görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə sakinlərə məlumat verən Taleh Qaraşov bildirilib ki, vətəndaşların bütün müraciətlərinə həssas yanaşılır, ədalətli və obyektiv qaldırılan bütün məsələlərin həlli istiqamətində qanunamüvafiq addımlar atılır.Onun sözlərinə görə, vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirilməsinə şəraitin yaradılması, müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılması cənab Prezident İlham Əliyevin məmurlar qarşısında qoyduğu əsas tələb və prinsiplərdəndir.
İcra başçısı cənab Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədən irəli gələn əsas vəzifələr barədə yerli sakinləri məlumatlandırıb. Taleh Qaraşov bildirilib ki, aqrar sektorda məhsuldarlığın artırılması, iqlim dəyişikliklərinə uyğunlaşma, su ehtiyatlarından səmərəli istifadə və kənd təsərrüfatı xammalından emal olunmuş məhsulların ixracına keçidin təmin edilməsi bu istiqamətdə qarşıya qoyulan əsas hədəflərdəndir.
Viravul kəndinin sakinləri səyyar görüşdə fikir və istəklərini sərbəst, maneəsiz ifadə ediblər və məmur-vətəndaş münasibətlərindəki qarşılıqlı etimad mühitinin möhkəmlənməsindən razılıqlarını qeyd ediblər və cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.




















