Azərbaycan parlamentində qadınların təmsilçiliyi həm ictimai-siyasi fəallığın, həm də dövlət idarəçiliyində gender bərabərliyinin göstəricisidir.
1xeber.media xəbər verir ki, hazırda Milli Məclisdə qanun yaradıcılığı prosesində 26 xanım deputat fəaliyyət göstərir. Diqqət çəkən məqam ondan ibarətdir ki, bu qadınlar parlament fəaliyyəti ilə yanaşı, həm də elm, təhsil, diplomatiya və səhiyyə kimi fərqli sahələrdə peşəkar təcrübəyə malikdirlər.
Bu xanımlar arasında xüsusi çəkisi və nüfuzu ilə seçilən ilk şəxs, şübhəsiz ki, parlamentin sədri Sahibə Qafarovadır. O, həm də elmi fəaliyyəti ilə tanınır. Filologiya elmləri doktoru və professor olan spiker, təhsil sahəsindəki fəaliyyətinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Sahibə xanım rus və ingilis dillərini bilir, filologiyada gender problemlərinin tədqiqi ilə məşğul olub.
Parlamentin təhsil və idarəçilik təcrübəsi olan digər bir siması deputat Mehriban Vəliyevadır. O, uzun illər ümumi təhsil müəssisələrində rəhbər vəzifələrdə çalışıb, məktəb direktoru olub. Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini postlarında paytaxt təhsilinin idarə olunmasında iştirak edib. Filologiya üzrə fəlsəfə doktoru və “Əməkdar müəllim” olan Mehriban xanım rus və türk dillərini bilir, ABŞ və Avropa ölkələrində ixtisasartırma kursları keçib.
Milli Məclisdə siyasi təcrübə və staj baxımından Məlahət İbrahimqızının adını çəkmək olar. Onun qanunverici orqandakı fəaliyyəti 30 ilə yaxındır - o, ardıcıl olaraq II, III, IV, V, VI və VII çağırış deputat seçilib. İxtisasca pediatr və hüquqşünas olan Məlahət xanım həm də tarix elmləri namizədidir. Rus və ingilis dillərini bilir və hazırda həm də Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri kimi ictimai fəaliyyətini davam etdirir.
Parlamentin digər bir təcrübəli üzvü, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovadır. O, cəmiyyəti narahat edən sosial problemlərin, gender bərabərliyi və məişət zorakılığına qarşı mübarizə mövzularının parlament müstəvisinə çıxarılmasında, eləcə də bu istiqamətdə qanunvericilik islahatlarında fəal iştirak edir.
Beynəlxalq platformalarda fəaliyyəti ilə seçilən digər deputat isə Nigar Arpadaraidir. O, xüsusən iqtisadi, rəqəmsal və qlobal layihələrlə (məsələn, COP29 və digər böyük tədbirlər çərçivəsində) bağlı fəaliyyəti ilə tanınır. N.Arpadarai həm parlament iclaslarında, həm də mediada müasir çağırışlara uyğun çıxışları ilə aktivlik nümayiş etdirir.
Elmi və pedaqoji fəaliyyətlə siyasəti uzlaşdıran digər bir deputat isə professor Jalə Əliyevadır. Şairə Nurəngiz Günün övladı olan Jalə xanım, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib, daha sonra ikinci ali təhsil kimi hüquq fakültəsinə yiyələnib. Filologiya elmləri doktoru olan Jalə Əliyeva rus, ingilis və ərəb dillərini bilir. Onun Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində tərcüməçi işləməsi regional diplomatiya və dil sahəsindəki praktiki təcrübəsinə əsaslanır.
Deputat Tamam Cəfərova da elm və idarəçilik sahəsindən gələn fiqurlardandır. O, vaxtilə gənclərin Azərbaycandan kənarda təhsili proqramı çərçivəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Tarix üzrə fəlsəfə doktoru və dosent olan Tamam xanım, hazırda Azərbaycan Dillər Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektorudur. Rus və ingilis dillərini bilən T.Cəfərova, gender problemləri və konfliktologiya üzrə mütəxəssis kimi tanınır.
Milli Məclisin digər qadın üzvləri arasında idman idarəçiliyində təcrübəsi olan, Avropa Olimpiya Komitəsinin komissiya üzvü Könül Nurullayeva, eləcə də beynəlxalq hüquq və prokurorluq orqanlarında çalışmış Əminə Ağazadə kimi xanımlar var.
Bu mənzərə bütövlükdə onu göstərir ki, Azərbaycanın qadın deputat korpusu qanun yaradıcılığı prosesində idarəçilik, dil bilikləri və fərqli peşə ixtisasları baxımından fəallıq nümayiş etdirir.
metbuat.az

















