İşğaldan azad olunmuş Şuşa bu gün növbəti dəfə beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edir. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan IV Şuşa Qlobal Media Forumu öz işinə başlayıb. İki gün davam edəcək forumda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert, rəsmi şəxs, beynəlxalq təşkilat və aparıcı informasiya agentliklərinin təmsilçiləri iştirak edirlər.
Forumun məhz Şuşada keçirilməsi xüsusi rəmzi məna daşıyır. Uzun illər işğal altında qalmış, bu gün isə sürətlə bərpa olunan şəhər artıq beynəlxalq tədbirlərin keçirildiyi mühüm platformaya çevrilib. Xarici media nümayəndələrinin və ekspertlərin Şuşaya səfəri onlara bölgədə aparılan genişmiqyaslı yenidənqurma işlərini, yaradılan yeni infrastrukturu və dəyişən reallıqları yerində görmək imkanı yaradır. Bu isə Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə daha obyektiv çatdırılmasına xidmət edir.
Müasir dövrdə informasiya müharibələri, saxta xəbərlər və rəqəmsal manipulyasiyalar dövlətlərin təhlükəsizliyinə və beynəlxalq münasibətlərə ciddi təsir göstərir. Belə bir şəraitdə peşəkar jurnalistika yalnız xəbəri çatdırmaq deyil, həm də həqiqəti qorumaq, dezinformasiyanın qarşısını almaq və cəmiyyətlər arasında etimadı gücləndirmək missiyasını daşıyır. Şuşa Qlobal Media Forumu bu baxımdan media nümayəndələri arasında fikir mübadiləsi, əməkdaşlıq və yeni yanaşmaların formalaşdırılması üçün mühüm beynəlxalq platformadır.
Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı xüsusi maraqla qarşılanıb. Dövlət başçısı çıxışında regional və qlobal proseslərə, Azərbaycanın sülh gündəliyinə, postmünaqişə dövründə görülən bərpa-quruculuq işlərinə, eləcə də informasiya təhlükəsizliyi və medianın məsuliyyətinə dair mühüm mesajlar verib. Prezidentin səsləndirdiyi fikirlər forumun əsas mövzusu ilə üst-üstə düşərək, həqiqətin beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasının və etibarlı informasiyanın qlobal əhəmiyyətini bir daha nümayiş etdirib.
Xüsusilə də forumun Şuşada keçirilməsi Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə verdiyi mühüm mesajlardan biri kimi qiymətləndirilə bilər. Bu, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyatın bərpa olunduğunu, regionun inkişaf etdiyini və Qarabağın artıq beynəlxalq dialoq, əməkdaşlıq və fikir mübadiləsinin keçirildiyi məkana çevrildiyini göstərir.
IV Şuşa Qlobal Media Forumu bir daha sübut edir ki, informasiya məkanında həqiqətin müdafiəsi, peşəkar jurnalistika prinsiplərinə sadiqlik və beynəlxalq media əməkdaşlığı sülhün möhkəmləndirilməsi üçün mühüm amillərdəndir. Şuşadan dünyaya verilən əsas mesaj isə budur: həqiqətə əsaslanan informasiya, qarşılıqlı etimad və açıq dialoq dayanıqlı sülhün qurulmasının vacib şərtlərindəndir.
Aysel
Foto: Elnur
1xeber.media


























