Azərbaycan son illərdə enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Prezident İlham Əliyevin Azərbaycanın Suriyaya qaz ixrac etdiyini və gələcəkdə qonşu ölkələrə də qaz tədarükünün mümkün ola biləcəyini bildirməsi ölkənin regional enerji əməkdaşlığının genişləndirilməsi istiqamətində yeni perspektivləri gündəmə gətirib. Bu təşəbbüs təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı 1xeber.media-ya açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib ki, Azərbaycan Prezidentinin Şuşada keçirilən beynəlxalq media forumunda vurğuladığı kimi, Azərbaycan regionun enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkələrdən biridir:
“Hazırda Azərbaycan təbii qazı Suriyaya qədər nəql olunur. Bu gün ölkəmiz ümumilikdə 16 dövləti təbii qazla təmin edir. Həmin ölkələrdən 12-si Avropada yerləşir, 10-u isə Avropa İttifaqının üzvüdür. Təbii qaz ixracının coğrafiyasının genişlənməsi Azərbaycanın beynəlxalq enerji bazarında rolunu daha da gücləndirir və getdikcə daha çox ölkənin enerji təhlükəsizliyinə töhfə verməsinə imkan yaradır. Bununla yanaşı, coğrafi baxımdan Azərbaycana yaxın və qonşu ölkələrə də təbii qaz nəqlinin genişləndirilməsi üçün real imkanlar və potensial mövcuddur”.
Onun sözlərinə görə, Avropada Azərbaycan qazını almaqda maraqlı olan ölkələrin sayı da artır:
“Məsələn, Çexiya Respublikası Azərbaycan təbii qazını idxal etmək niyyətini açıq şəkildə bəyan edib. Digər ölkələrdən də bu istiqamətdə oxşar maraq ifadə olunur. Bu da yaxın illərdə Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının daha da artacağını deməyə əsas verir. Bu perspektiv həm də ölkədə təbii qaz hasilatının artması ilə bağlıdır. Son illərdə Azərbaycan Avropa bazarına ümumilikdə təxminən 60 milyard kubmetr təbii qaz ixrac edib. Bu həcm Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə əhəmiyyətli töhfə kimi qiymətləndirilir. Bütün bunları nəzərə alaraq, mövcud tərəfdaşlarla əməkdaşlığın dərinləşməsi və yeni bazarların açılması fonunda yaxın perspektivdə Azərbaycan təbii qazının daha çox ölkəyə nəql ediləcəyi gözlənilir”.
Aysel
1xeber.media

















