“ABŞ-ın İordaniyada amerikalı hərbçilərin həlak olmasından sonra İrana qarşı daha genişmiqyaslı əməliyyatlara hazırlaşması Yaxın Şərqdə təhlükəsizlik mühitini yenidən gərginləşdirən əsas amillərdən biridir. Lakin hazırkı mərhələdə hadisələri birbaşa genişmiqyaslı ABŞ–İran müharibəsinin başlanğıcı kimi qiymətləndirmək hələ tezdir. Daha real görünən ssenari tərəflərin bir-birinə təzyiqi artırmaqla yanaşı, münaqişəni müəyyən hədd daxilində saxlamağa çalışmasıdır”.
Bu sözləri 1xeber.media-ya açıqlamasında politoloq Tural İsmayılov söyləyib.
O bildirib ki, Vaşinqton üçün əsas prioritet bölgədəki hərbi bazalarının və müttəfiqlərinin təhlükəsizliyini təmin etmək, eyni zamanda İranın dəstəklədiyi silahlı qrupların fəaliyyət imkanlarını məhdudlaşdırmaqdır:
“İran isə birbaşa hərbi qarşıdurmadan yayınmağa çalışsa da, regiondakı tərəfdaş qüvvələr vasitəsilə təsir imkanlarını qorumağa üstünlük verir. Bu səbəbdən qarşıdurmanın əsas ağırlıq mərkəzi birbaşa ABŞ və İran orduları deyil, proksi qüvvələrin fəaliyyət göstərdiyi müxtəlif cəbhələr olaraq qalır. Bununla belə, risk faktorları kifayət qədər yüksəkdir. İraq, Suriya, Livan, Yəmən və Qırmızı dəniz xətti artıq bir-biri ilə əlaqəli təhlükəsizlik məkanına çevrilib. Bu ərazilərin hər hansı birində baş verəcək nəzarətdən çıxan insident qısa müddətdə daha geniş regional eskalasiyaya səbəb ola bilər. Xüsusilə tərəflərdən birinin yüksək rütbəli hərbi şəxslərinin hədəfə alınması və ya böyük insan itkisi vəziyyəti daha təhlükəli mərhələyə keçirə bilər”.
O deyib ki, digər mühüm məqam isə beynəlxalq aktorların mövqeyidir:
“Körfəz ölkələri, Avropa dövlətləri və Çin kimi böyük oyunçular bölgədə tammiqyaslı müharibənin başlanmasında maraqlı deyillər. Belə bir ssenari enerji bazarlarında ciddi dalğalanma yaradar, qlobal ticarət marşrutlarını risk altına salar və onsuz da mürəkkəb olan beynəlxalq təhlükəsizlik mühitini daha da ağırlaşdırar. Hazırkı mənzərə göstərir ki, Yaxın Şərqdə "nəzarət olunan gərginlik" modeli hələ də üstünlük təşkil edir. Bununla belə, regionda çoxsaylı silahlı aktorların fəaliyyəti, qarşılıqlı etimadsızlıq və intensiv hərbi əməliyyatlar səbəbindən yanlış hesablamalar ehtimalı yüksək olaraq qalır. Məhz buna görə də yaxın perspektivdə ABŞ və İran arasında birbaşa genişmiqyaslı müharibə ehtimalını orta səviyyədə qiymətləndirmək olar. Ancaq lokal qarşıdurmaların zəncirvari şəkildə regional böhrana çevrilməsi riski əvvəlki dövrlərlə müqayisədə daha yüksəkdir və Yaxın Şərqdə təhlükəsizlik balansı son dərəcə həssas mərhələyə daxil olub”.
Qeyd edək ki, ABŞ İordaniyada amerikalı hərbçilərin həlak olmasından sonra İrana qarşı daha genişmiqyaslı əməliyyatlara hazırlaşır.
Aysel















