İyulun 20-21-də Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsun
dəvəti ilə bu ölkəyə rəsmi səfəri baş tutub. Bu da Avropada, o cümlədən qitənin iqtisadi
cəhətdən ən çox inkişaf edən lövləti olan Almaniyada Azərbaycana olan dərin etimad,
ölkəmizin iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi fəal dəstək, həmçinin dövlətimizin başçısının
yüksək nüfuzundan irəli gəlir.
Azərbaycanın hər zaman müstəqil siyasət yürütdür və yalnız özünün milli
maraqlarından çıxış edir. Ölkəmiz dünyada etibarlı tərəfdaş kimi tanınır. Son dərəcə gərgin və
mürəkkəb proseslərin getdiyi bir dönəmdə də bu etibarlılıq qorunub saxlanılır. Bunun
səbəblərindən biri də müstəqil Azərbaycanın çoxşaxəli, balanslaşdırılmış və ədalət üzərində
qurulan xarici siyasət yürütməsidir.
Əminliklə demək mümkündür ki, Azərbaycanın Avropa, Asiya, Afrika, Amerika ölkələri
ilə əlaqələri dinamik inkişaf etdirilir. Səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq istər ikitərəfli
münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində özünü göstərir. Azərbaycanın
dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi tanınması, artan nüfuzu, regionda sülhün və
təhlükəsizliyin təmin olunması, eləcə də qlobal problemlərin həlli istiqamətində yürütdüyü
siyasət Prezident İlham Əliyevin qətiyyətli mövqeyinin və siyasi iradəsinin nəticəsidir.
Neft-qaz ölkəsi olan Azərbaycan Almaniya üçün vacib tərəfdaşdır. Dövlətimizin xarici
siyasətində Avropa İttifaqı ölkələri ilə əlaqələrin üstünlük təşkil edir. Azərbaycan artıq Avropa
İttifaqının 10 üzv dövləti də daxil olmaqla, 16 ölkəyə təbii qaz ixrac edir. Ən önəmlisi
Azərbaycanın Avropaya qaz ixracı 2022-ci ildən əvvəlki 8 milyard kubmetrdən hazırda 13
milyard kubmetrə yüksəlib və 2027-ci ilədək bu göstəricinin azı 20 milyard kubmetrə
çatdırılması planlaşdırılır. Cənub Qaz Dəhlizi isə Xəzər hövzəsini Avropa ilə birləşdirən
alternativ enerji arteriyası kimi qitənin enerji təhlükəsizliyi strategiyasının əsas sütunlarından
birinə çevrilib. TANAP və TAP kəmərləri Avropanın enerji mənbələrinin şaxələndirilməsi
siyasətində xüsusi əhəmiyyət qazanaraq Azərbaycanın qitənin enerji təhlükəsizliyində rolunu
daha da gücləndirib.
Azərbaycanla əlaqələri yüksələn xətlə inkişaf edən Avropa dövlətlərindən biri də
Almaniyadır. İki ölkə arasında qarşılıqlı münasibətlərin əsası XIX əsrin ikinci yarısına təsadüf
edir. Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb və həmin ilin
fevralında isə iki ölkə arasında diplomatik münasibətlər qurulub.
Berlində keçirilən yüksəksəviyyəli görüşlərdən sonra Azərbaycan Prezidenti İlham
Əliyev və Almaniyanın Federal Kansleri Fridrix Merts mətbuata bəyanatlarla çıxış edib,
jurnalistlərin suallarını cavablandırıblar.
Prezidenti İlham Əliyev birgə mətbuat konfransında imzalanmış sənədlərin iki ölkə
arasında əlaqələrin yeni səviyyəyə qaldıracağına əminliyini bildirib. Dövlətimizin başçısı deyib:
“Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq”.
Ölkə başçısı bildirib ki, Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda
öz təsirini artırmaqdadır. Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan-Almaniya əlaqələri
təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa
öz töhfəsini verəcək”.
Prezident İlham Əliyev 2025-ci ildə ölkəmizin Almaniya ilə ticarət dövriyyəsinin
təxminən 1,5 milyard dollar təşkil etdiyini bildirib. İxracın əsas hissəsini xam neft təşkil edir.
“Azərbaycan tələb olunan həcmdə neft tədarük edə bilər. Bu, həm daxili mənbələr, həm də
enerji şirkətimiz SOCAR-ın treydinq bölməsi vasitəsilə həyata keçirilə bilər. Yəni burada hər
hansı problem yoxdur”,- deyə Prezident İlham Əliyev vurğulayıb.
Qeyd edilməlidir ki, Azərbaycan-Almaniya münasibətləri təkcə iqtisadi və siyasi
maraqlara əsaslanmır. Bu əlaqələrin arxasında dərin humanitar və mədəni bağlar dayanır.
Əsrlər boyu müxtəlif mədəniyyətlərin və dinlərin dinc yanaşı yaşadığı tolerantlıq və
multikulturalizm məkanı olan Azərbaycanda zəngin alman irsi xüsusi yer tutur. XIX əsrin
əvvəllərində alman ailələrinin Azərbaycana köçməsi ilə Göygöl (tarixi Yelenendorf) və Şəmkir
(Annenfeld) başda olmaqla Gəncə, Qazax, Tovuz və Ağstafa bölgələrində alman koloniyaları
yaranıb. Almanlar Azərbaycanda üzümçülük və şərabçılığın təməlini qoyub, memarlıq və
sənaye mədəniyyətinə böyük töhfələr veriblər. Bu inteqrasiya o qədər dərin olub ki, 1918-ci
ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində milli azlıqları təmsil edən
fraksiyanın üzvlərindən biri məhz almanəsilli Lorentz Kuntz idi.
Bu gün də Azərbaycan dövləti ölkədəki alman tarixi-mədəni irsinə, alman kilsələrinə və
abidələrinə böyük hörmətlə yanaşır, onların qorunub saxlanmasını təmin edir. Bu tolerant
mühit humanitar əlaqələrin genişlənməsinə, minlərlə azərbaycanlı tələbənin DAAD
proqramları vasitəsilə Almaniyada təhsil almasına və Bakı Höte Mərkəzi kimi qurumların
fəaliyyətinə münbit zəmin yaradır.
Beləliklə, regionda yeni reallıq yaradan Azərbaycanın qarşısında böyük hədəflər durur.
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri həm keçmişin zəngin irsinə dərin ehtiram,
həm də gələcəyin qlobal çağırışlarına verilən ortaq rasional cavabdır. İqtisadi sahədə çalışan
yüzlərlə alman şirkətinin, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq
işlərinə vəsait yatırmaq istəyən alman investorlarının ölkəmizə artan marağı bu tərəfdaşlığın
real miqyasını göstərir. Bakı və Berlin arasında qurulan bu strateji körpünün təkcə iki ölkənin
deyil, bütövlükdə Avrasiya coğrafiyasının enerji, nəqliyyat təhlükəsizliyinə və siyasi sabitliyinə
xidmət edən uzunmüddətli strategiya olduğu aydın görünməkdədir.
İbrahim Kərimov,
Sabirabad rayonu, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin əməkdaşı
















