“Özbəkistan – Mərkəzi Asiya – Xəzər – Azərbaycan – Türkiyə – Avropa marşrutunun güclənməsi Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında iqtisadi və nəqliyyat əlaqələrinin daha da dərinləşməsinə şərait yarada bilər. Bu marşruta Qazaxıstanın Xəzər üzərindən nəqliyyat imkanlarını, Qırğızıstan–Özbəkistan–Çin dəmir yolu layihəsini və Türkiyənin Avropa nəqliyyat şəbəkəsinə çıxışını əlavə etdikdə, TDT daxilində vahid nəqliyyat-iqtisadi məkanın formalaşması perspektivi daha aydın görünür”.
Bunu 1xeber.media-ya açıqlamasında iqtisadçı İlqar Hüseynli deyib ki, bu prosesin gələcək inkişafı regionda geosiyasi vəziyyətin dəyişməsi, Rusiyanın əvvəlki təsir imkanlarının zəifləməsi, Tramp yolu kimi tanınan nəqliyyat layihəsinin tam fəaliyyətə başlaması, Orta Dəhlizin genişləndirilməsi və Zəngəzur dəhlizinin açılması ilə sıx bağlıdır:
“Bu baxımdan Azərbaycanla Ermənistan arasında əbədi sülh sazişinin əldə olunması və regionda nəqliyyat kommunikasiyalarının açılması xüsusi əhəmiyyət daşıyır. Mövcud proseslər Azərbaycanın qarşısında ən azı üç mühüm üstünlük yaradır. Birincisi, Azərbaycanın tranzit əhəmiyyəti artır. Mərkəzi Asiya ölkələrinin Qərb bazarlarına çıxışında Azərbaycan daha mühüm nəqliyyat qovşağına çevrilə bilər. Xəzər üzərindən daşımaların genişlənməsi və Orta Dəhlizin inkişafı ölkəmizin tranzit imkanlarını daha da gücləndirəcək. İkincisi, Azərbaycanın siyasi və iqtisadi bağlantı rolu genişlənir. Bakı Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa arasında yalnız nəqliyyat deyil, həm də siyasi-iqtisadi körpü rolunu daha fəal şəkildə yerinə yetirə bilər. Üçüncüsü, bütün bunlar TDT daxilində Azərbaycanın təşəbbüskar mövqeyini gücləndirə bilər. Orta Dəhliz, Zəngəzur dəhlizi, enerji, logistika və rəqəmsal bağlantı layihələrində Azərbaycanın fəallığı ölkəmizin təşkilat daxilində strateji rolunu artırır. Prezident İlham Əliyev də TDT-nin XXI əsrdə nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməli olduğunu vurğulayıb”.
O qeyd edib ki, Özbəkistanda Azərbaycanla əldə olunan razılaşmaların praktiki şəkildə icra olunması da bu baxımdan mühüm əhəmiyyət daşıyır:
“Azərbaycan və Özbəkistan arasında iqtisadi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişlənməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin daha da möhkəmlənməsinə imkan yarada bilər. Lakin bu prosesin uzunmüddətli və dayanıqlı nəticə verməsi üçün Cənubi Qafqaz ölkələrinin də regional əməkdaşlıq platformalarında daha sıx təmsil olunması və ortaq maraqlar ətrafında birləşməsi vacibdir. Azərbaycan, Ermənistan və Gürcüstan arasında nəqliyyat və iqtisadi əlaqələrin inkişafı regionun Avropa ilə inteqrasiya imkanlarını da genişləndirə bilər. Belə bir model həm region ölkələrinin iqtisadi potensialını artırar, həm də siyasi və institusional islahatların sürətlənməsinə əlavə stimul yarada bilər. Nəticədə Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyəni Avropa ilə birləşdirən yeni nəqliyyat-iqtisadi xəritənin formalaşması üçün daha real imkanlar yaranar”.
Aysel
















