Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-ci il üçün elan etdiyi orta qrant müsabiqəsi çərçivəsində “Antiterror əməliyyatı mövzusunda bədii əsərin işlənməsi” layihəsini icra etməkdədir.
1xeber.media xəbər verir ki, layihə özündə yazıçı Varisin yazdığı “23 saat və 43 dəqiqə” əsərini ehtiva edir. Əsər unikaldır, burada 2023-cü ilin 19-20 sentyabr tarixində keçirilmiş lokal antiterror əməliyyatı barədə demək olar ki bütün məlumatlar öz əksini tapıb:
-əməliyyatı zəruri edən səbəblər, əməliyyatın saatbasaat gedişi, Azərbaycan prezidentinin əməliyyatla bağlı çıxışları, müsahibələri, Azərbaycan ordusunun tərkibi, xüsusi təyinatlılar və komandoların misilsiz şücaəti, aparılan hərbi əməliyyatın xarakteri, silah növləri, cəbhələrin təsnifatı, əsas döyüşlər, düşmənin kapitulyasiyası, əldə edilən silah-sursat, düşmənin yeraltı hərbi baza və qərargahlarının təsviri, Xankəndiyə üçrəngli bayrağın sancılması, Yevlaxdakı reinteqrasiya görşüşləri, Xankəndi zəfər paradı, əməliyyata dünya siyasətçilərinin, mediasının, hərbi ekspertlərin verdiyi qiymət, əməliyyatdan sonra Qafqazın siyasi düzəninin tam dəyişməsi, bir sözlə, Azərbaycanın suverenliyinin tam bərpası ilə yekunlaşan 23 saat 43 dəqiqədən ibarət – amma qərinələrə bərabər olan bir əməliyyat!
Kitabda antiterror əməliyyatında iştirak edən səhra komandirlərindən tutmuş adi əsgərlərə qədər bir çoxlarının şərhləri, mülahizələri, xatirələri də yer alır.
Kitab 3 fəsildən ibarətdir, kitabın 1-ci fəsli əməliyyata qədərki dövrü və əməliyyatı əhatə edir. 3-cü fəsil əməliyyatdan sonrakı prosesləri əks etdirir. Kitabı unikal edən isə 2-ci fəsildir. Burada antiterror əməliyyatında şəhid olan 52 hərbçimizin kimisinin ata-anası, kimisinin bacı-qardaşı, kimisinin həyat yoldaşı, kimisinin övladı kitabın həmmüəllifi ampluasında öz şəhidinin həyat hekayətini təqdim edir.
“23 saat 43 dəqiqə” kitabının Azərbaycanın müasir tarixinin bədii-sənədli səlnaməsini əks etdirən dəyərli vəsait kimi faydası böyük olacaq, çünki nəşr Azərbaycanın dövlət suverenliyinin tam bərpası prosesini büsbütün tərənnüm etməklə gələcək nəsillərin yaddaşına köçürmək missiyasını yerinə yetirir.
Nəşrin baş məsləhətçisi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədri, polkovnik Cəlil Xəlilov, redaktoru şair, publisit Əkbər Qoşalıdır.
Nəşrin sentyabr ayının sonunda tamamlanması və ölkə ictimaiyyətinə təqdimatı nəzərdə tutulur

















