1xeber.media təqdim edir:
Bir təsərrüfatçı kimi builki yay əkin-biçin mövsümünü əvvəlki illərlə müqayisə edərək deyə bilərəm ki, ümumi mənzərə müsbətdir.
Ölkə üzrə yay mövsümü üçün xarakterik olan qarğıdalı, günəbaxan, pambıq, soya, kartof, tərəvəz, bostan bitkiləri və digər kənd təsərrüfatı məhsullarının becərilməsi və suvarılması mövcud imkanlar çərçivəsində, əsasən, qrafik üzrə həyata keçirildi.
Əvvəlki illərdə bəzi ərazilərdə daha ciddi hiss olunan su təminatı problemləri bu il eyni miqyasda özünü göstərmədi. Xüsusilə suya tələbatı yüksək olan qarğıdalı, pambıq, günəbaxan, tərəvəz və bostan sahələrinin vaxtında suvarılması məhsuldarlıq baxımından mühüm əhəmiyyət daşıdı.
Təbii ki, hər şey problemsiz olmadı. Ayrı-ayrı sahələrdə texniki nasazlıqlar, suyun vaxtında çatdırılması ilə bağlı müəyyən çətinliklər və digər çatışmazlıqlar müşahidə edildi. Lakin əsas məqam yaranan problemlərə operativ reaksiya verilməsi və bir çox nöqsanın qısa müddətdə aradan qaldırılmasıdır.
Bu, kənd təsərrüfatında xüsusilə vacibdir. Çünki əkinçinin əldə edəcəyi məhsul təkcə torpağın münbitliyindən və düzgün aqrotexniki tədbirlərdən deyil, həm də suvarmanın vaxtında və düzgün təşkilindən asılıdır.
Builki müşahidələr göstərir ki, suvarma imkanlarından daha səmərəli istifadə olunması və mövcud infrastrukturun mərhələli şəkildə yaxşılaşdırılması fonunda məhsuldarlığın qorunması, eləcə də bir sıra sahələrdə artırılması üçün real imkanlar mövcuddur.
Əlbəttə, qarşıda görüləsi işlər çoxdur. Amma təsərrüfatçı üçün əsas olan nəticədir: sahə vaxtında su görürsə, aqrotexniki tədbirlər düzgün aparılırsa, bol məhsula ümid də artır.
Bu baxımdan builki yay mövsümünü ümumilikdə uğurlu və əvvəlki illərlə müqayisədə daha sistemli qiymətləndirirəm.
Əsas hədəf isə bəllidir: daha çox məhsul, sudan daha səmərəli istifadə və əkinçinin əməyinin daha yüksək nəticə verməsi.
Anar Hüseynov
Fermer
















