1xeber.media xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Fədə-Hüseyn Məleki ABŞ Prezidenti Donald Trampın administrasiyasının Tehrana qarşı siyasətinin bir sıra ölkələr üçün ciddi nəticələrə səbəb ola biləcəyini bildirib.
İranlı deputat ABŞ ilə hərbi qarşıdurmanın yenidən başlaması halında münaqişənin əvvəlkindən daha geniş miqyas ala biləcəyini deyib.
Məlekinin sözlərinə görə, Vaşinqton İranı çıxılmaz vəziyyətə salmağa və zəiflətməyə çalışarsa, bunun nəticələri yalnız iki ölkə ilə məhdudlaşmaya bilər.
“Əgər onlar İranı küncə sıxışdırmağa, onu ‘batırmağa’ çalışsalar, İran özü ilə bir çox başqa ölkəni də apara bilər”, – deyə deputat bildirib.
Məlumata görə, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin İranın münaqişənin həlli ilə bağlı mövqeyini Donald Trampa çatdırıb.
Putin Türkmənistanda keçirilən sammit çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla iki görüş keçirib. Görüşlərdən birində Rusiya lideri amerikalı həmkarı ilə telefon danışığının planlaşdırıldığını bildirib.
Daha sonra Pezeşkianla razılaşdırılaraq İran tərəfinin münaqişənin mümkün həllinə dair mövqeyi Trampa çatdırılıb.
İran rəsmisinin son açıqlaması Tehranla Vaşinqton arasında gərginliyin yenidən artması ehtimalı ilə bağlı xəbərdarlıq kimi qiymətləndirilir. Bununla belə, açıqlamada münaqişənin hansı ölkələrə yayıla biləcəyi konkretləşdirilməyib.















