
Bakıda “Royale Casino”nun 2027-ci ilin mayında fəaliyyətə başlaması planlaşdırılır.
1xeber.media xəbər verir ki, bu barədə “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov “Vesti.az”a açıqlamasında bildirib.
Ağalarovun sözlərinə görə, kazinonun tikintisi sürətlə davam edir və obyektin gələn ilin mayında açılması nəzərdə tutulur.
Ümumi sahəsi 90 min kvadratmetr olacaq kompleks Xəzər dənizinin Azərbaycan sektorunda, “Sea Breeze” ərazisindəki süni yarımadada inşa edilir. Binanın hündürlüyü 35 metr təşkil edəcək. Layihəyə əsasən, hər biri 10 metr hündürlüyündə iki mərtəbə və günbəzin altında əlavə 15 metrlik hissə nəzərdə tutulub.
Kazinoda 12 VIP salon və beynəlxalq poker turnirlərinin keçirilməsi üçün əsas zal yaradılacaq. Kompleksdə həmçinin 1500 oyun avtomatı, konsert zalı, restoranlar, kafelər və barlar yerləşəcək.
Məlumata görə, kazinoya giriş 21 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub. Layihənin miqyasına görə “Royale Casino”nun Avropanın ən böyük kazinolarından birinə çevrilməsi hədəflənir.















