Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 26 avqust tarixinin Laçın şəhəri günü
elan edilməsi Azərbaycan dövlətçiliyi tarixində mühüm səhifədir. Bu, xalqımızın mübarizə
ruhunu, əzmkarlığını və böyük qələbəsini təcəssüm etdirir.
Laçın həm tarixi-mənəvi, həm də strateji-siyasi baxımdan mühüm əhəmiyyətə malikdir.
1992-ci ildən işğal altında olan bu ərazilərin azad edilməsi xalqımızın illərlə gözlədiyi ədalətin
bərpası idi. Laçının strateji mövqeyi regionun təhlükəsizlik mühitində önəmli rol oynayırdı.
Burada yerləşən yüksəkliklər, kommunikasiya xətləri və təbii sərvətlər Azərbaycanın milli
təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edirdi. Laçın şəhəri işğalçı qüvvələr üçün əsas
logistik mərkəz olmuş, Ermənistanla Qarabağ bölgəsi arasında əlaqəni təmin edən əhəmiyyətli
geostrateji ərazi hesab olunurdu.
44 günlük Vətən müharibəsinin nəticələri Azərbaycanın dövlətçilik tarixində dönüş
nöqtəsi oldu. 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanat əsasında Ermənistan
ordusu məğlubiyyətini qəbul etdi və Laçın rayonu 1 dekabr 2020-ci ildə döyüşsüz Azərbaycana
qaytarıldı. Bu faktlar göstərir ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə
şanlı ordumuzun qəhrəmanlığı, xalqın iradəsi və dövlətin siyasi qətiyyəti işğalçı qüvvələri
müqavimətsiz geri çəkilməyə məcbur etdi.
2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndlərinin tam nəzarətə
götürülməsi ilə ölkəmizin sərhədləri bərpa olundu. 2023-cü il aprelin 23-də Laçında sərhəd-
keçid məntəqəsinin yaradılması mühüm tarixi hadisə kimi xüsusi önəm daşıyır. Həmin sərhəd
məntəqəsi Azərbaycanın öz sərhədlərinə tam nəzarətini təmin etməklə yanaşı, regionda
qanuni idarəetmə mexanizmlərinin gücləndirilməsinə və beynəlxalq hüquqa uyğun olaraq ərazi
bütövlüyünün qorunmasına xidmət etdi. Eyni zamanda, bu faktor ölkəmizin beynəlxalq
səviyyədə tanınmış sərhədini möhkəmləndirdi və bölgədə qanuni nəqliyyat-əlaqə xətlərinin
açılmasına şərait yaratdı. Bütün bunlar sübut edir ki, Azərbaycan artıq Cənubi Qafqazda yeni
təhlükəsizlik arxitekturasının formalaşdırıcısı kimi çıxış edir.
Laçında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ölkənin iqtisadi, sosial
və turizm potensialını artırmaqla yanaşı, bölgədə həyat standartlarını yüksəldir. “Böyük
Qayıdış” proqramı çərçivəsində yüzlərlə laçınlı öz doğma torpaqlarına dönərək ailələri ilə
birlikdə yeni həyat qurur. Onlar üçün müasir standartlara cavab verən evlər, məktəblər,
xəstəxanalar, uşaq bağçaları, mədəniyyət ocaqları və digər sosial infrastrukturlar inşa edilib.
Şəhər və kəndlərin elektrik, su, yol və rabitə infrastrukturu yenidən qurulur. Bununla yanaşı,
kənd təsərrüfatı və turizm üçün geniş imkanlar yaradılır, balıqçılıq, heyvandarlıq və arıçılıq kimi
sahələr təşviq edilir, bu da bölgədə iqtisadi inkişafın davamlı olmasını təmin edir.
Xüsusi diqqət çəkən layihələrdən biri Laçın Beynəlxalq Hava Limanıdır. Bu hava limanı
regionun gələcək inkişafında strateji rol oynayır. Laçını Azərbaycanın digər bölgələri və
beynəlxalq məkanlarla birləşdirən liman həm iqtisadi, həm turizm, həm də təhlükəsizlik
baxımından mühüm əhəmiyyət daşıyır. Uçuş-enmə zolağı və müasir terminal infrastrukturu
sayəsində istənilən tip hava gəmisinin qəbuluna imkan yaradılır, bu da bölgənin beynəlxalq
statusunu artırır. Hava limanı təkcə nəqliyyat infrastrukturunun yenilənməsi deyil, post-
müharibə dövründə Azərbaycanın iqtisadi siyasətinin uğurlu nümunəsi kimi çıxış edir.
Laçınlıların doğma yurda qayıdışı isə prosesin ən mühüm mənəvi tərəfidir. 31 ildən sonra öz
doğma torpaqlarına dönən sakinlərin rahat və layiqli həyatını təmin etmək üçün bütün sosial
obyektlər, təhsil və səhiyyə müəssisələri yüksək standartlarla inşa edilir. Bu qayıdış milli
kimliyin bərpasında, tarixi yaddaşın qorunmasında və gələcək nəsillərə örnək olmasında
həlledici rol oynayır.
Nəticə etibarilə, Laçın rayonu qələbənin, milli birliyin, dövlətin siyasi qətiyyətinin və
xalqın sarsılmaz iradəsinin təzahürüdür. Laçın şəhəri günü dövlətimizin əldə etdiyi tarixi
nailiyyətlərin, azad olunmuş torpaqlarda qurulan yeni həyatın və xalqımızın gələcəyə inamının
parlaq təcəssümüdür. Bura həm müasir şəhər kimi formalaşır, həm də milli yaddaşın, tarixi-
mənəvi dəyərlərin qorunub saxlanıldığı məkan olaraq Azərbaycanın qürur mənbəyinə çevrilir.
İlham Əmənov,
Sabirabad RİHB aparatı Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi
müdirinin müavini
















