1xeber.media xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2023-cü il oktyabrın 7-də baş verən hücumdan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahuya HƏMAS-ın planlaşdırdığı hücum barədə xəbərdarlıq edib.
“Haaretz” qəzetinin yazdığına görə, BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan hücumdan təxminən bir həftə yarım əvvəl Netanyahuya telefonla zəng edərək HƏMAS lideri Yəhya Sinvarın planları barədə məlumat verib.
Məlumata görə, BƏƏ lideri bu planların İsrail və Fələstin ərazilərindən kənara çıxan nəticələrə səbəb ola biləcəyini və bütün Yaxın Şərqi sabitsizləşdirə biləcəyini bildirib.
İddialara əsasən, Netanyahu xəbərdarlığa sakit reaksiya verərək İsrailin istənilən hadisəyə hazır olduğunu deyib. Lakin o, aldığı məlumatı ölkənin müdafiə strukturlarının rəhbərləri ilə bölüşməyib.
Qəzetin mənbəsinin sözlərinə görə, Şin Bet və Mossad rəhbərləri, eləcə də İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi BƏƏ prezidentinin xəbərdarlığından xəbərsiz olublar.
















